Dekabrın 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şuranın növbəti iclası videokonfrans formatında keçirilib.
QİA.AZ bildirib ki, İdman akademiyasından “Report”a verilən məlumata görə, iclasda Vətən müharibəsində əldə olunmuş möhtəşəm və tarixi qələbə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissi ilə müraciət ünvanlanıb.
Qeyd olunub ki, Ali Baş Komandanın uzaqgörən ordu qurucluğu siyasətinin məntiqi nəticəsi olaraq, müzəffər Azərbaycan Ordusu qısa müddətdə düşmənə qalib gələrək işğal edilmiş ərazilərimizi azad etdi və illər sonra torpaqlarımızda Azərbaycan bayrağını yüksəltdi.
Məhz noyabrın 8-də Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşanın mənfur düşmənin işğalından azad olunması xəbəri, həmin gün 90 illik yubileyini qeyd edən ADBTİA-nın professor-müəllim, inzibati və tələbə heyəti üçün xüsusi hədiyyə oldu.
Müraciətdə böyük qürür hissi ilə qeyd olunub ki, birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci Qarabağ müharibəsində də, ADBTİA-nın 70-dən çox tələbə və məzunu rəşadətlə vuruşublar. Onlar arasında həm Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar, həm də qazilər olub. Vətən müharibəsində yaralanmış əsgərlərə şəfa, şəhidlərə isə Allahdan rəhmət arzulanıb. Bildirilib ki, onlar daima insanların qəlbində yaşayacaqlar.
Eyni zamanda, azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən qədim Şuşa şəhərində idmanın bütün sahələrini əhatə edəcək yeni təhsil klasterinin yaradılmasına Akademiya kollektivinin hazır olduğu bildirib.
Qeyd edək ki, Zaqafqaziyanın ilk idman ali məktəbi və ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası təsis olunmasının 90 illiyini bu il qeyd edir. Bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər həyata keçirilir, o cümlədən “ADBTİA 90” adlı xüsusi kitab, eyni zamanda “Əsri haqlayan tarix” adlı sənədli film işıq üzü görüb.