Ermənilər İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən və meyitləri döyüş meydanında qalan hərbçilərin, həmçinin müxtəlif şəraitdə ölən mülki şəxslərin qalıqlarını toplamaqda davam edirlər.
“QİA.AZ” xəbər verir ki, bunu “Sputnik Armeniya”ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan deyib.
“Bir mülki şəxsin və bir əsgərin cəsədi Xocalı rayonunun Ballıca kəndi ərazisində tapılıb. Daha beş əsgərin cəsədi Cəbrayıl ərazisi, bir hərbi qulluqçu Sünik vilayəti Zeyvə kəndinin keçmiş inzibati ərazisində (Ermənistanın özününküləşdirdiyi Qubadlı ərazisi – “Report”) tapılıb”.
Beləliklə, indiyədək döyüş bölgəsindən qalıqları tapılan ermənilərin sayı 1 246-ya çatıb.
Məlumata görə, hazırda Xocavənd, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində axtarış işləri davam edir. Axtarış işlərində ölənlərin yaxınları, könüllülər və ərazini tanıyan şəxslər iştirak edir.