Azərbaycanın yaratdığı nəqliyyat-logistika infrastrukturu, o cümlədən Zəngəzur dəhlizi, Ələt Azad İqtisadi Zonası Mərkəzi və Cənubi Asiyanın Avropa ilə olan iqtisadi əlaqələrində Qarabağın logistika qovşağına çevrilməsini təmin edəcək.
QİA.AZ xəbər verir ki, bunu Trend-ə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Əminə Bayramova deyib.
Onun sözlərinə görə, Qarabağın logistika mərkəzi kimi əhəmiyyəti təchizat zəncirində məhsula sərf olunan xərclərin azalmasına, investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması, ixracyönümlü iqtisadiyyatın stimullaşmasına, qlobal bazarların birləşməsinə imkan yaradacaq.
Ekspert vurğulayıb ki, Horadiz-Ağbənd və Bərdə Ağdam dəmiryol xətlərinin yaradılması və ölkənin mövcud dəmiryol xətlərinə inteqrasiyası Qarabağın logistika əhəmiyyətini artıracaq. O əlavə edib ki, quru yolları olaraq 6 və 4 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi), Füzuli rayonu ilə Şuşa şəhərini əlaqələndirən 101,9 km uzunluğunda 2 hərəkət zolaqlı “Zəfər Yolu”nun, 72,3 km uzunluğunda Kəlbəcər-Laçın yolu, 13 km uzunluğunda Füzuli-Hadrut yolu, 45 km uzunluğunda Bərdə-Ağdam avtomobil yolunun inşası bölgədə nəqliyyat sistemini şaxələndirəcək.