8 avqust 2024-cü il tarixində Bakı Konqres Mərkəzində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun və UNICEF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
QİA.az xəbər verir ki, tədbirdə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullah, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətinin rəhbəri Leyla Sarabi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev,“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, təlimçilər, layihə iştirakçıları və media nümayəndələri iştirak ediblər.
“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov layihə ilə bağlı hesabatı təqdim edərək bildirib ki, layihə işğaldan azad edilmiş ərazilərdən olan, keçmiş məcburi köçkün gənclərin müasir dövrdə tələb olunan müxtəlif istiqamətlər üzrə zəruri bilik və bacarıqlarının artırılması məqsədilə icra olunub. Layihə çərçivəsində Qayıdış Könüllüləri üçün təlimlər və keçmiş məcburi köçkün gənclər üçün “BİL – Bacarıqların İnkişafı Layihəsi” həyata keçirilib.
“BİL” layihəsində peşəkar təlimçilər tərəfindən 65 nəfər Qarabağ və Şərqi Zəngəzur regionundan olan gəncə “Əsas Həyat Bacarıqları”, “Rəqəmsal bacarıqlar” və “İşgüzar bacarıqlar” olmaqla 3 modul üzrə hər biri 5 müxtəlif mövzudan ibarət təlimlər keçirilib. İştirakçılar öncədən müxtəlif internet resurslarında, sosial şəbəkələrdə verilmiş elanlar vasitəsilə layihəyə cəlb olunublar. Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirilmiş gənclər seçdikləri modul üzrə təlimlərdə iştirak haqqı qazanıblar.
Təlimlər peşəkar təlimçilər tərəfindən “İşgüzar bacarıqlar” modulu üzrə “Komanda işi”, “Layihələrin yazılması və idarəedilməsi”, “Peşəkar CV yazılışı və uğurlu müsahibə”, “Vaxtın düzgün idarəedilməsi” və “Təqdimat və inandırma bacarıqları”, “Rəqəmsal bacarıqlar” modulu üzrə “Onlayn fayllarla iş”, “İnternetdə məlumatların saxlanılması və istifadəsi”, “Sosial şəbəkələrdən peşəkar istifadə”, “Sosial Media Marketinqinin əsasları” və “İnternetdə şəxsi məlumatların təhlükəsizliyi”, “Əsas Həyat Bacarıqları” modulu üzrə isə “Stressin idarə olunması, emosional tənzimlənmə”, “Məqsədi müəyyənləşdirmə, qərar qəbul etmə”, “Münasibətlərin idarəedilməsi, inamlı ünsiyyət”, “Müsbət düşünmə, empatiya” və “Fəal dinləmə, qarşılıqlı təsiretmə” mövzularında həyata keçirilib.
“Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsi çərçivəsində, həmçinin 80 nəfər Qayıdış Könüllüsünə təlimlər keçirilib. Təlimlər zamanı könüllülər “Komanda işinin qurulması və inkişafı”, “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM), “Əsas həyat bacarıqları“ və “İcma quruculuğu” modulları üzrə təlimlərdə fəal iştirak ediblər.
Daha sonra tərəfdaş qurumların nümayəndələri çıxış edərək layihənin gənclər üçün, onların inkişafı üçün önəmini qeyd ediblər. Bildirilib ki, layihə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək olaraq işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsində, bərpa-quruculuq işlərində iştirak edən könüllü gənclərin və həmin ərazilərdən olan digər gənclərin zəruri bilik və bacarıqlarını artırmaq, həmçinin inkişafı istiqamətində fəaliyyətləri həyata keçirmək, onların yeni icmalara təhlükəsiz və rəvan şəkildə inteqrasiyasına kömək olmaq baxımından olduqca əhəmiyyətlidir.
Tədbirin sonunda layihəni uğurla başa vuran gənclər sertifikatlarla təltif olunub, həmçinin layihənin təlimçilərinə gənclərin inkişafına verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim edilib.