İstərdik ki, yerli oyunlara azarkeşlər çox gəlsin. Bu məqam bizə əlavə motivasiya verər. İstər-istəməz azarkeş dəstəyini hiss edəndə daha baxımlı oynamağa çalışırsan”.
Bu sözləri “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun qol.az saytına müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:
– Həftə arası təxirə salınmış oyunda “Qəbələ”ni məğlub etdiniz. Hesabı nəzərə alsaq (4:0), “Qarabağ”ın qələbəni asanlıqla əldə etdiyini söyləmək olar?
– Böyükhesablı qələbə qazansaq da, asan oyun olmadı. Qəbələdə oynamaq həmişə çətindir. İlk növbədə hava şəraitinə görə. Dağlıq ərazidir, hava təmizdir deyə müəyyən çətinlik yaranır. Matça gəldikdə isə 90 dəqiqə boyunca nizam-intizamı qoruduq, baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Layiqli qələbə qazandıq.
– Bu matçda siz həm də keçmiş baş məşqçinizə qarşı oynadınız…
– Bəli, Kaxaber Sxadadze “İnter”də (indiki “Şamaxı” – red.) mənim baş məşqçim olub. Ona hörmətim böyükdür. Gələcək oyunlarda Sxadadzeyə uğurlar arzu edirəm.
– Bazar günü “Neftçi” ilə qarşılaşacaqsınız. Azərbaycan derbisi öncə komandada vəziyyət necədir?
– Vəziyyət yaxşıdır. Lakin çalışacağıq ki, bundan da yaxşı olsun. Hazırda bütün diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik. Yalnız bu matç haqda düşünürük. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” ilə görüşdə də qələbə qazanaq.– “Neftçi”dən sonra sırada “Bayer”lə matçdır. Demək olar ki, Avroliqanın 1/8 finalının püşkü “Qarabağ” üçün uğursuz oldu?
– Açığı, mən rəqib qismində “Bayer”i gözləmirdim. Lakin qismətdən qaçmaq olmur. “Bayer”in gücü hamıya məlumdur. Leverkuzen klubu hazırda nəinki Almaniyada, ümumilikdə qitədə ən yaxşı formada olan komandalardan biridir. Cari mövsüm hələ ki, uduzmayıblar. “Bayer”in məğlubiyyətsiz oyunlar seriyasını qırmaq üçün əlimizdən gələni edəcəyik.
– Bu, nə dərəcədə realdır?
– Hazırda futbol elə bir səviyyəyə çatıb ki, hər komandaya qarşı oynamaq, mübarizə aparmaq olar. Lap rəqibin “Real”, “Barselona” olsa belə. Çox uzağa getməyək. Bizim məğlub etdiyimiz “Şerif”in “Real”a qarşı necə oynadığını yəqin xatırlayırsınız. Əsas odur ki, cəsarətli olasan. Qurban müəllim də hər zaman bizə bu fikri aşılayır. Onun dediyi kimi, əsas odur ki, heç nədən qorxmayasan.
– Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri də azarkeşlərlə bağlıdır. Avroliqada 30 min tamaşaçı önündə oynayan “Qarabağ”ı daxili çempionatda heç min nəfər stadiondan dəstəkləmir…
– Biz də istərdik ki, yerli oyunlara azarkeşlər çox gəlsinlər. Bu məqam bizə əlavə motivasiya verər. İstər-istəməz azarkeş dəstəyini hiss edəndə daha baxımlı oynamağa çalışırsan. Azarkeşlərə səslənirəm ki, 100-200 nəfərlə kifayətlənməyək, çempionat oyunlarında bizi 10-15 min azarkeş dəstəkləsə, əla olar.