Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib-FOTO

Mayın 9-da Qax şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat üzrə rayon turniri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 20-dək şahmatçı mübarizə aparıb. Yarışda, həmçinin şəhid ailələrinin üzvləri də iştirak ediblər.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışa başlamazdan əvvəl Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Turnirin açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini anmaqdan, onun misilsiz xidmətlərini təbliğ etməkdən, eyni zamanda, rayonda şahmatın kütləviliyinə nail olmaqdan, şahmatçıların ustalıqlarını artırmaqdan ibarətdir.

Yekun nəticələrə əsasən, Eldəniz Əzizov turnirin qalibi adını qazanıb. Şəhid atası Çingiz Qarayev ikinci, Elgün Həşimov isə üçüncü yeri tutublar.

Turnirdə ilk yerləri tutan, həmçinin fərqlənən şahmatçılar kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Oxşar Xəbərlər