Azərbaycan və Qırğızıstanı bir-birinə sıx tellər bağlayır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr, birgə fəaliyyətimiz əla səviyyədədir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk. İki ölkə arasında siyasi dialoq mövcuddur. Birgə layihələrimiz davam etdirilir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov ölkəsinin müstəqilliyinin 33-cü, Qara-Qırğız Muxtar vilayətinin 100-cü ildönümü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda deyib.
Ölkəsinin qət etdiyi inkişaf yolundan danışan diplomat qırğız xalqının müstəqillik uğurunda çətin mərhələlərdən keçdiyini bildirib. Diqqətə çatdırıb ki, 100 illiyini qeyd etdikləri Qara Qırğız Muxtar Vilayəti 1924-cü il oktyabrın 14-də yaradılıb və onlar öz tarixlərini unutmurlar, dəyərlərinə sadiqliyi qoruyub saxlayırlar. Qırğızıstanın mədəni müxtəlifliyi, sosial bərabərliyi üstün tutduğunu qeyd edən M.Mamıtkanov deyib: “Qırğız Respublikası digər türkdilli dövlətlər kimi Azərbaycanla əməkdaşlığa, əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar”.
Qırğızıstan Prezidentinin cari ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxunub, onun ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində rolunu qeyd edib.
Xalqlarımıza sülh, əmin-amanlıq arzulayan diplomat tarixi köklərə əsaslanan Qırğızıstan-Azərbaycan dostluğunun ümumi maraqlar əsasında bundan sonra da yüksək tempdə inkişaf edəcəyinə əminliyini bildirib.