Qırmızı dənizdə yaranan böhran artıq Avropa iqtisadiyyatına mənfi təsirini göstərməyə başlayıb. Üsyançı husilərin Asiyadan Avropaya yük daşıyan neft və ticarət gəmilərini atəşə tutması qitə ölkələrində qiymətlərin artması və yeni inflyasiya dalğası ilə müşahidə edilir.
AZƏRTAC “Oxford Economics” Analitik Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, yüklərin vaxtında çatdırılmaması Avropada 0,6 faiz inflyasiyaya səbəb olub və Avropa iqtisadiyyatına 10 milyard dollardan çox zərər dəyib.
Amerikanın iri elektromobil istehsalçısı olan “Tesla” şirkəti Almaniyadakı zavodunun bəzi sexlərini yanvarın 29-da müvəqqəti olaraq bağlayacaq. Səbəb isə ehtiyat hissələrinin vaxtında çatdırılmamasıdır. Digər avtomobil istehsalçısı – İsveçin “Volvo” şirkəti materialların çatdırılmaması səbəbindən fevralın 2-də Gent şəhərindəki zavodunun işini dayandıracaq.
Beynəlxalq yükdaşımalarla məşğul olan Almaniyanın “DHL logistika və nəqliyyat” şirkəti bəyan edib ki, Qırmızı dənizdəki vəziyyətlə bağlı Süveyş kanalı ilə Avropaya daşınan yüklərin və gəmilərin sığorta xidməti bahalaşıb ki bu da nəqliyyat xərclərin artmasına səbəb olub. Bəyanatda o da vurğulanıb ki, yeni marşrutlardan istifadə etməyin vaxtı çatıb.
“Oxford Economics” bildirib ki, yuxarıda göstərilənlər Avropa iqtisadiyyatına dəyən zərərin ilkin əlamətləridir. Yaxın gələcəkdə vəziyyət daha da pis ola bilər və buna hazır olmaq lazımdır. Bütün bunlar onu deməyə əsas verir ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) qlobal ticarətdə aktuallığını artırır.
Bu gün ŞCBND Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmaq imkanı olan ən optimal marşrutdur. Hindistanın Mumbai limanından çıxan gəmilər Süveyş kanalı vasitəsi ilə 14 min kilometr yol qət edərək Avropaya çatırlar və bu müddət 60 gün çəkir. Lakin Mumbaidən çıxan gəmilər konteynerləri İranın Çabahar limanına daşısalar, konteynerlər burdan ŞCBND-nin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən Avropaya daşınar. ŞCBND 7200 kilometrdir və yükdaşıma müddəti 25 gün çəkir. Məlumdur ki, yolun qısalması öz növbəsində nəqliyyat xərclərinin də azalmasına səbəb olur.
Mərkəzi qərargahı Vaşinqtonda yerləşən “Atlantic Council” analitik mərkəzinin hesabatında deyilir ki, müasir dünyada iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri logistika və beynəlxalq əhəmiyyətli nəqliyyat yollarıdır. Yaxın 10 ildə Asiya ilə Avropanın ticarət dövriyyəsinin həcmi 500 milyard dolları aşacaq ki, bunun da reallaşması üçün əsaslı və beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu lazımdır. Yüklərin tez, təhlükəsiz və nəqliyyat xərcinin az olması logistikanın ana xəttini təşkil edir. Bu baxımdan ŞCBND-i transmilli korporasiyaları, iri milli şirkətləri dövlətlərin marağına səbəb olub. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklərin 10 faizi ŞCBND ilə Azərbaycandan tranzit olaraq daşınsa ölkəmiz ildə 1,2 və ya 2 milyard dollar həcmində tranzit gəlir əldə edəcək. Azərbaycan tranzit ölkə olaraq müvafiq infrastruktura malikdir. Hələ SSRİ dövründən Rusiya ilə mövcud olan dəmir və avtomobil yolları, eləcədə Bakı-Tbilisi-Qars dəmir yolu yükaşırma imkanlarını artırıb.
Qeyd etmək lazımdır ki, ŞCBND əsası 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanan sazişlə yaradılıb. Sonra Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Türkiyə və Ukrayna da bu sazişə qoşulublar.