Şotlandiyanın Qlazqo Universitetində azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Yaşıl gələcək” (“Green Future”) adlı tədbir keçirilib.
QİA.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, xarici tələbələrin də iştirak etdiyi tədbirdə noyabrda Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası – COP29 çərçivəsində indiyədək görülən və bundan sonra həyata keçiriləcək işlər haqqında məlumatlar verilib, videolar göstərilib.
Tədbirdə UNEC Empirik Araşdırmalar Mərkəzinin direktor müavini, Qlazqo Universitetinin tələbəsi Nicat Muradzadə videotəqdimatla çıxış edib və ətraf mühitin qorunmasının ölkəmizin prioritet vəzifələrindən olduğunu deyib. Eyni zamanda, ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, işğaldan azad olunmuş bölgələrdə yaşıllığa, təbiətə diqqət və qayğı göstərilməsini vurğulayıb. Daha sonra Kalqari Universitetinin müəllimi Səbinə İsgəndərovanın, Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynovun çıxışları dinlənilib. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinin yaşıllığını, təbiətini əks etdirən şəkillər nümayiş olunub.
Tədbirin sonunda isə hər kəsə yaşıl dünya naminə simvolik olaraq gül və bitki toxumları hədiyyə edilib.