“İlk dəfədir ki, Ermənistanı sivil yolla razılaşmağa sövq edə bildik… İlk dəfədir ki, qan tökülmədən özlərində cəsarət tapıb işğal etdikləri torpaqlardan çıxmaq qərarı verə bildilər. Düzdür, 44 günlük müharibədən sonra da işğal etdikləri Ağdam, Kəlbəcər və Laçından da çıxmaq məcburiyyətində qalmışdılar. Amma onda “dəmir yumruq” öz işini görmüşdü. Bu dəfə isə “dəmir yumruğ”un işə düşməsinə ehtiyac qalmadı. Nəhayət ki, anladılar. Anladılar ki, özgə atına minən tez düşər. Anladılar ki, Azərbaycanın olanı əllərində saxlamaq şansları yoxdur. Bütün dünyanı köməyə çağırsalar da, xeyri olmayacaq. O kəndlər onsuz da qaytarılacaq”.
QİA.Az xəbər verir ki, bu barədə “Kaspi” qəzetinə jurnalist İlham Quliyev açıqlama verib.
Biz bunu bacardıq
Yaxın tarix göstərir ki, erməniləri danışalar yolu ilə, sivil qaydada nəyəsə razı salmaq heç də asan deyil. Amma biz bunu bacardıq, Prezident İlham Əliyev bunu bacardı! Bu prosesdə biz bir növ qonşularımızı da tərbiyələndirdik. Başa saldıq ki, ağıllı olmaq lazımdır, başqalarının haqlarına hörmətlə yanaşmaq lazımdır, səhv edəndə onu etiraf etmək əskiklik deyil. Başa saldıq ki, artıq regionda işğal dövrünün qayda-qanunları işləməyəcək. Xəstə təfəkkürlə, tarix sərsəmləmələri ilə ürəkləri istəyənə əl qoymaq dövrü arxada qalıb. Ya sivil oyun qaydalarını qəbul edəcəklər, ya da onları buna məcbur edəcəyik.
Region üçün sülh istəyirik
Bəli, bütün dünya üstümüzə gəlsə də, haqlı mövqeyimizdən geri çəkilmədik. ABŞ-si, Fransası “Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır”, – deyə haray-həşir saldıqları zaman biz qonşularımızı dialoqa dəvət etdik, onlarla danışdıq və anlaşdıq.
Biz bir daha göstərdik ki, başqa torpaqlarda gözümüz yoxdur. Kifayət qədər güclü olsaq da, qan tökülməsində maraqlı deyilik. 30 il torpaqlarımızın işğalda saxlanılmasına, kəndlərimizin, şəhərlərimizin yer üzündən silinməsinə baxmayaraq, sülhdən yanayıq. Region üçün sülh istəyirik.
Heç bir vasitəçisiz razılaşma
Razılaşmanın heç bir vasitəçisiz, iki tərəf arasında aparılan danışıqlarda əldə edilməsi də xüsusi sevindirici məqamdır. Bu, gələcəkdə sülh prosesinin hansı istiqamətdə irəliləyəcəyi ilə bağlı da ip ucları verir.