Qudyalçaydan keçən güclü sel Quba rayonunun Küpçalqışlaq kəndində fəsadlar törədib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, sel nəticəsində Küpçalqışlaq kəndinin ərazisində Qudyalçayın sahilindəki yamac yuyularaq torpaq uçqunu baş verib. 460 nəfər əhalinin yaşadığı kəndin yolunda uçqun nəticəsində ciddi təhlükə yaranıb. Dirəklərin aşması yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında çətinliklər yaradıb.
Quba Rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının və digər aidiyyəti qurumların nümayəndələri selin fəsadları ilə yerində tanış olublar. Kənd sakinlərinin istifadəsi üçün alternativ yolun salınması məqsədilə müəyyən olunan əraziyə xüsusi texnikalar cəlb edilərək inşa işlərinə başlanılıb. Bununla yanaşı, sel nəticəsində aşan elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri də görülür.
Küpçalqışlaq kəndinin ərazisində bundan sonra sel sularının yarada biləcəyi fəsadların miqyasının azaldılması üçün əraziyə müvafiq qurumların xüsusi texnikaları cəlb olunub.