Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.
QİA.AZ bildirib ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.
Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib. Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.
Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVİD-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.