Qurban Qurbanov: İlk oyundakı məğlubiyyətə baxmayaraq inamımız böyükdür

“Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda qələbə üçün əlimizdən gələni edəcəyik. Məğlubiyyət bizi ruhdan sala bilməz. Çünki müəyyən qədər təcrübəmiz də var. Komandada əhval-ruhiyyə yaxşı səviyyədədir. Baxmayaraq ki, “Dinamo” güclü və iddialı rəqibdir. Belə çətin komandalara qarşı oynamaq bizə zövq verir. Həmişəkindən diqqətli olmalıyıq. Rəqibin heyətində təhlükəli futbolçuların olduğunu ilk oyunda gördük. İstənilən təzyiqə dözmək lazımdır. Müdafiə xəttini yarmağa çalışmalı, ağıllı və cəsarətli oynamalıyıq. Rəqib ilk matçda bəzi epizodlarda daha yaxşı təsir bağışladı. Biz də səliqəli oyun nümayiş etdirmək üçün son ana kimi vuruşacağıq. İstəyirik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.

O, sabahkı matçda qapını hansı qolkiperin qoruyacağına və zədəli futbolçuların son durumuna da aydınlıq gətirib: “Qapıçı ilə bağlı oyuna kimi qərar verəcəyik. Marko Veşoviçin vəziyyəti pis deyil. Dünəndən məşqlərə qoşulub. Marko Yankoviç isə hələlik kollektiv hazırlıqda iştirak etmir”.

Transfer məsələsinə də toxunan baş məşqçi axtarışların davam etdiyini söyləyib: “Sabah meydanda əlimizdəki oyunçularla mübarizə aparacağıq. Azarkeşlərimizi sevindirmək, onların etibarını qazanmaq istəyirik. Məsuliyyətimizi dərk edirik. Təbii ki, daha yaxşı transferlərlə komandamızı gücləndirmək istərdik. Nəticədən asılı olmayaraq, inanıram ki, meydanda yaxşı mübarizə gedəcək”.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.

Oxşar Xəbərlər