Rəşad Nəbiyev İctimai Şuranın üzvləri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.

Bu barədə QİA.AZa Nazirlikdən məlumat verilib.

Məlumata görə, nazir İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə keçirilmiş seçkilərdə uğur qazanaraq seçilmiş Şura üzvlərinin hər birini təbrik edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

O, bildirib ki, İctimai Şura ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, eləcə də şəffaflığın təmin edilməsində böyük rola malikdir.

R.Nəbiyev sahə üzrə mövcud vəziyyət və perspektivlər barədə ətraflı danışıb, İctimai Şura üzvlərinin rəy və təkliflərini dinləyib.

İctimai Şuranın üzvləri nazir Rəşad Nəbiyevə səmimi ortamda keçən görüşə görə minnətdarlıqlarını bildiriblər. Onlar ictimai iştirakçılığın təmin olunmasının nazirliyin işinə müsbət istiqamətdə təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.

Sonra İctimai Şuranın ilk iclası keçirilib. İclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib. Şuranın sədri “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, sabiq rabitə naziri Abasbəyli Siruz Hüseyn oğlu, sədr müavinləri “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri Qurbanov Qalib İslam oğlu və “Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyinin üzvü, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi Eyyubov Fərhad Çinar oğlu, katibi “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Məhərrəmova Elnarə Aşır qızı olub.

Oxşar Xəbərlər