“Sabahkı qarşılaşmada futbolçularımdan gözləntilərim böyükdür. Əzmkar və səliqəli oyun nümayiş etdirəcəklərinə inanıram”.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri cavab görüşündən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis ilk matçdakı nəticəni unutdurmaq istədiklərini söyləyib: “Böyükhesablı məğlubiyyətə baxmayaraq, yaxşı hazırlıq keçmişik. Nəticənin pozitiv olmasını istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik. Təbii ki, qələbə bizim üçün çox vacibdir. Futbolçularım meydana yüksək-əhvali ruhiyyə ilə çıxacaqlar. Çünki hər biri ilk oyundakı məğlubiyyəti unudub”.
R.Sadıqov Kiprdəki qarşılaşmanı komandasının ən uğursuz çıxışı hesab edib: “Bu, futboldur. Təəssüf ki, hər şey bizim istədiyimiz kimi olmur. Bəzən gözlənilməz məğlubiyyətlərlə üzləşirik. Amma düşünürəm ki, futbolun gözəlliyi elə budur. Səfərdən belə nəticə ilə ayrıldığımıza görə istər-istəməz məyusluq var. Bütün bunlara baxmayaraq, sabahkı oyuna köklənəcəyik və yaxşı nəticə üçün çalışacağıq”.
Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da keçiriləcək “Zirə” – “Omoniya” görüşü saat 20:00-da başlayacaq. İlk matç rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.