Rəşad Sadıqov və köməkçisi cəzalandırılıb

AFFA İntizam Komitəsi “Zirə” və “Keşlə” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarları açıqlayıb.

“QİA.az”ın məlumatına görə, “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat məbləğində cərimə olunub.

Komandanın müdafiəçisi Lazar Corceviç aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğundan 4 oyunluq cəzalanıb. Serbiyalı oyunçu qəsəbə klubunu 3200 manat ziyana salıb.

Onun komanda yoldaşı Sərtan Taşkın ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Müdafiəçiyə 1 oyunluq cəza, kluba isə 200 manat məbləğində cərimə tətbiq olunub.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyun zamanı texniki zona qaydalarını pozub və qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. 39 yaşlı mütəxəssisə 2 oyunluq cəza, kluba isə 1600 manat cərimə yazılıb.

Sadıqovun köməkçisi Eltun Yaqublu da texniki zona qaydalarını pozub. O, meydandan kənarlaşdırıldıqdan sonra yenidən geri qayıdıb və hakimi təhqir edib. Gənc məşqçi 10 oyunluq cəza alıb, klubunu 8 min manat ziyana salıb.

“Zirə” həmçinin meydana qanunsuz daxil olan şəxslərə görə 800 manat ödəcəyək. Oyundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün klub əlavə 4000 manat ödəməli olacaq.

Qeyd edək ki, “Keşlə” əlavə vaxtda rəqibini 3:1 hesabı ilə məğlub edib. “Zirə” ilk oyunda 2:1 hesablı qələbə qazansa da, finala yüksələ bilməyib.

Oxşar Xəbərlər