Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “Qurğuşunla zəhərlənmənin qarşısının alınması” həftəsi münasibətilə dəyirmi masa keçirilib.
QİA xəbər verir ki, dəyirmi masada Radiasiya Problemləri İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsi Hospitalının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin,“Ruzgar” Ekoloji İctimai Birliyinin, “Təmiz həyata doğru” İctimai Birliyinin nümayəndələri, müstəqil ekspertlər, jurnalistlər, istehsalat nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ayrı-ayrı illərdə keçirilən belə həftələrdə press-konfranslar, FAB-boya fabrikinə ekskursiya, laboratoriya tədqiqatları və s. tədbirlər keçirilib.
Bu il keçirilən tədbir boyalarda qurğuşunun qatılığını tənzimləyən normativ – hüquqi aktın hazırlanmasına həsr olunub. Tədbirdə belə bir qanun layihəsinin işlənildiyi, lakin hələ qəbul olunmadığı bildirilib.
Təklif olunub ki, bu akt ya standart, ya da malların Nomenklaturası statusunda olmalıdır.
ETSN-nin Baş məsləhətçisi Samir Hüseynov bildirib ki, hazırda ekoloji standartların qəbul olunması üzrə sahələrarası komissiya fəaliyyət göstərir. O qeyd edib ki, boyalarda qurğuşunun qatılığını tənzimləyən standartın yaxın zamanlarda qəbul olunması planlaşdırılır.