Raket və Artilleriya Qoşunlarının hərbi hissəsində tədbir keçirilib

Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı azad etmək məqsədilə Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyularaq kapituliyasiyası, məğlubiyyəti ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız və Ordumuz Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib bir ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib bir Ordunun əsgəri olmaqdan böyük qürur duyur. Zəfər günümüzdən altı aya yaxın bir vaxt keçməsinə baxmayaraq, düşmən yenə hiyləgər və məkrli niyyətlərindən əl çəkmir, biabırçı məğlubiyyəti ilə barışmaq istəmir, bölgədə mövcud olan reallıqlardan nəticə çıxarmır.

Müdəfiə Nazirliyinin təşkilatçılığı ilə Raket və Artilleriya Qoşunlarının döyüşən hərbi hissələrindən birində “Dəmir yumruq yerindədir!” devizi altında keçirilən tədbirdə bu barədə daha ətraflı danışılıb.

Bu barədə “QİA.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistanın təcavüzkar, işğalçı, terrorçu, dağıdıcı bəzi revanşist qüvvələrinə ismarıc ünvanlanıb ki, təxribatlar törətməkdənsə, sovet ideologiyasının tarixi Azərbaycan torpaqlarında yaratdığı ölkənizi bürümüş hərbi, siyasi, iqtisadi, mənəvi böhrandan xilas olmaq üçün yollar arayın, məzlum erməni xalqının gələcəyini düşünün. Əks təqdirdə Azərbaycanın atacağı addımlar daha ciddi, daha kəskin olacaqdır!

Tədbir başlamazdan öncə hərbi hissənin həyətində şəhidlərin xatirəsinə inşa edilmiş abidə ziyarət olunub, Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri ehtiramla yad edilib.

“Qələbə marşı”nın sədaları altında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kəlamlar səsləndirilib:

“Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir… Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir!”.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani şəxsi heyət qarşısında çıxış edərək son vaxtlar dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlara, düşmənin diversiya qruplarının fəallaşmasına kəskin etirazını bildirib. Azərbaycan əsgərinin peşəkarlığı, mübarizliyi ilə onların qarşısının vaxtında, itkisiz alındığını qeyd edərək hər kəsi ayıq-sayıq olmağa, ehtiyatı əldən verməməyə, döyüş hazırlığını daim yüksəltməyə çağırıb.

“Digər qoşunlarla yanaşı Raket və Artilleriya Qoşunlarının şəxsi heyəti də ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin keşiyində ayıq-sayıqlığını heç vaxt itirmir və istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hazırdır. Artilleriyaçılarımız Vətən müharibəsində Qələbənin qazanılması naminə öz sözlərini deyib və müharibənin ilk günündən düşmən üzərinə endirdiyi kütləvi atəş zərbələri ilə onların dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qoyaraq şok təsiri yaradıb, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxararaq havada üstünlüyümüzü təmin edib. Düşmənin ön xətdə və dərinlikdə yerləşən komanda və idarəetmə məntəqələrinə dağıdıcı zərbələr vuraraq onların idarəetmə sisteminin fəaliyyətini pozub”, – deyə polkovnik A.Qurbani artilleriyaçılarımızın böyük Zəfərin qazanılmasında müstəsna xidmətləri olduğunu bildirib.
Qeyd edilib ki, müharibənin ilk günü artilleriya bölmələri tərəfindən 500-ə yaxın hədəflər məhv edilib, müasir döyüş taktikasına uyğun olaraq xüsusi təyinatlı qüvvələr, motoatıcı bölmələr və pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqədə düşmənin hərbi obyektləri, taktiki əhəmiyyətli yol qovşaqlarını birləşdirən körpüləri, xeyli sayda canlı qüvvəsi, atəş vasitələri və hərbi texnikası aşkar edilərək vaxtında və dəqiq yerinə yetirilən atəşlərlə məhv edilib və bununla da özü haqqında miflər uyduran Ermənistan silahlı qüvvələrinin müqavimətlərinin qarşısı alınıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəman artilleriyaçıları “Topçular marşı” və “Müzəffər Ordumuz” mahnıları ilə salamlayıb, onların Qələbə sevincinə şərik olub.

Respublikamızın ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qarabağ” ordeni və 5 döyüş medalı ilə təltif olunan hərbi qulluqçu Ümidvar Quliyev bildirib ki, Vətən müharibəsi dövründə təkcə Raket və Artilleriya Qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib.

Şuşa şəhərinin işğaldan azad olunmasına və Qələbəyə aparan çətin ərazilərdən, düşmənin gözləmədiyi istiqamətlərdən, keçilməsinə böyük peşəkarlıq tələb olunan dağ-meşə yollarından uğurla keçən özüyeriyən və reaktiv qurğularımız fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini məharətlə təmin edib, artilleriya batareyalarının tətbiqi isə bu istiqamətlərdə hərbi əməliyyatların uğurla nəticələnməsinə səbəb olub.
Zabit Ü.Quliyev vurğulayıb ki, uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları tamamilə pozulub. Artilleriyaçılar dünən olduğu kimi bu gün də, gələcəkdə də öz xidməti vəzifələrini şərəflə, vicdanla yerinə yetirməyə hazırdırlar. Dostlarımız da, düşmənlərimiz də birdəfəlik bilməlidirlər ki, Raket və Artilleriya Qoşunlarının da dəmir yumruğu yerindədir! Lazım olan vaxtda düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmağa qadirdir!

Hərbi qulluqçulardan “Qarabağ” ordeni ilə təltif olunmuş Pərviz İbrahimov və Şamxal Səlimovun cəbhə xatirələri də tədbir iştirakçılarında böyük maraq oyadıb.

Döyüşdə xüsusilə fərqlənən əsgər və zabitlərə “Vətən müharibəsi şəhidləri” kitabının nüsxələri hədiyyə edilib, Vətənimizi, Müzəffər Ali Baş Komandanı, rəşadətli Azərbaycan Ordusunu, Qələbəni tərənnüm edən mahnı və şeirlər səsləndirilib.

Tədbir aparıcının “Cəngi” musiqisinin sədaları altında söylədiyi şeirlə başa çatıb:
– Düşmən unutmasın bu son savaşı,
Aldığı yaralar çox dərindədir.
Qəzəbi kükrəyər Azərbaycanın,
Dəmir yumruq yenə öz yerindədir
Yumruqlarını düyərək bir ağızdan “Dəmir yumruq yerindədir!” deyən igid artilleriyaçıların gur səsi ətrafa yayılaraq düşmənlərə meydan oxuyub.

Oxşar Xəbərlər