Mübarək Ramazan ayının başlamasına bir gün qalır.
QİA.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən, bu il ölkəmizdə Ramazan ayı martın 23-də başlayacaq.
Martın 22-si niyyət axşamıdır.
QMİ Qazılar Şurası Ramazanla bağlı fətvanı artıq açıqlayıb.
Builki təqvimə əsasən, ilk Qədr (Əhya) gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə (9 aprel ), 2-ci 20-dən 21-nə (11 aprel), 3-cü 22-dən 23-nə (13 aprel), sonuncu Qədr gecəsi isə 26-dan 27-nə (17 aprel) keçən gecə qeyd olunacaq.
Fitr (Ramazan) bayramı aprel ayının 21-nə təsadüf edəcək.
Dinimiz tərəfindən ehsan, lütf ayı kimi dəyərləndirilən Ramazan hər birimizə yenilənmək, etdiyimiz səhv əməllərdən tövbə edib həyatı daha gözəl, faydalı yaşamaq imkanı verir.
Yaradan bəndələrini özünə yaxınlaşdırmaq üçün 11 ayın sultanı sayılan Ramazanı bəxş edib.
İlahiyyatçı, Heydər məscidinin imamı hacı Rüfət Qarayevin sözlərinə görə, Ramazan ayını Allah məxsusi olaraq göndərib: “Düşünə bilərsiniz ki, digər aylar kimi bu ay da vaxtı çatdığı üçün gəlir. Amma Uca Allah qullarını özünə yaxınlaşdırmaq, yaxud da şah damarımızdan yaxın olan Rəbbimizin yaxınlığını hiss etmək, duymaq üçün bizə 11 ayın sultanını, rəhmət və bərəkət ayını göndərib. Bu ayda həm mənəvi olaraq zənginliklər əldə edirik, həm də maddi olaraq süfrəmizin rəngi dəyişir. Evimizin, ailəmizin, cisim və vücudumuzun halı dəyişir və insan Allahın boyası ilə boyanmış olur”.
Peyğəmbərimizin (S) orucla bağlı mübarək sözlərindən:
-Oruc tutun, sağlam olun.
-Uca Allah buyurur. Oruc Mənim üçündür. Onun mükafatını Mən verəcəyəm.
-Oruclunun sükutu zikr, yuxusu ibadət, duası məqbul əməllərin savabı kimi qiymətləndirilir.
-Oruc səbrin yarısıdır.
-Ümmətim Ramazanın xeyrini və yüksək şərəfini bilmiş olsaydı bütün ilin Ramazan olmasını arzu edərdi.
Ramazan ayının təqvim və gündəlik dualarını təqdim edirik:
Qeyd edək ki, Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeronun vaxt ölçüsünə uyğun tərtib edilib. QMİ-nin açıqlamasına görə, digər bölgələr Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər.