Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkililatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə region gəncləri arasında şəhid müəllim Famil Əhmədzadənin əziz xatirəsinə həsr edilmiş Nə? Harada? Nə zaman? İntellektual oyunu üzrə “Regional Azərbaycan Kuboku” layihəsi üzrə pandemiya qaydalarına uyğun olaraq region gəncləri arasında seçim turları yekunlaşıb.
QİA.AZ xəbər verir ki, yarış indiyə kimi İsmayıllı, Şamaxı, Qəbələ, Ağsu, Oğuz, Şəki və Mingəçevir şəhərlərində gərgin keçən seçim turları ilə də yadda qalıb.
Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə bütün regionlarda ilk olaraq Vətən müharibəsində şəhid olan əziz qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Təşkilat və layihə rəhbəri Azad Manaflı çıxışı zamanı dövlətimiz tərəfindən intellektual gənclərə hər zaman dövlət idarəçiliyində xüsusi yer tutulduğu və onlara hər zaman dəstək göstərildiyi region gənclərinin diqqətinə çatdırıb.
Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin intellektini inkişaf etdirmək, gəncləri pis vərdişlərdən uzaq tutaraq intellektə inteqrasiyasını təmin etmək və Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın daim xatirəsini əziz tutmaqdır.
Oyun Nə? Harada? Nə zaman? formatında pandemiya qaydalarına uyğun olaraq keçirilib. Regionlardan mübarizəyə qatılmış komandaların əzmkar oyunundan sonra finalda regionlarını təmsil edəcək gənclərdən ibarət yığma komandalar artıq məlum olub. Ümumilikdə 13 regiondan 15-dən artıq komanda Regional Azərbaycan Kuboku uğrunda intellekt mübarizəsi aparacaqlar.
Layihənin final mərhələsi isə şəhidin doğulduğu İsmayıllı rayonunda 17 dekabr 2021-ci il tarixində saat 10:00-da İsmayıllı Olimpiya İdman Kompleksində təşkil ediləcəkdir. Finalda iştirak edəcək komandalar kubok, medal, sertifikat və digər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.