Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Monteneqronun Prezidenti Milo Cukanoviçdən:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – 28 May – Respublika Günü münasibətilə Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və dost Azərbaycan xalqının rifahı naminə ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, Monteneqro ilə Azərbaycan arasında dostluq münasibətləri möhkəmlənir, o cümlədən əməkdaşlıq, anlaşma və qarşılıqlı faydalı münasibətlər dərinləşir. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, əməkdaşlıq və qarşılıqlı dəstək də güclü olub. Ümid edirəm ki, epidemioloji şəraitin sabitləşməsi bizim təmaslarımızı davam etdirmək, eləcə də Monteneqro ilə Azərbaycan arasında dövlətlərarası tərəfdaşlıq əlaqələrinin, həmçinin xalqlarımızın dostluq münasibətlərinin möhkəmləndirilməsinə təkan verəcək yeni görüşlərin təşkilinə əlverişli imkan yaradacaq.

Zati-aliləri, Azərbaycan ilə daha da uğurlu əməkdaşlıq edəcəyimizə əminəm.

Sizə olan ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Fransanın Strasburq şəhərindən “COJEP INTERNATIONAL” təşkilatının prezidenti Ali Gedikoğludan:

“Möhtərəm cənab Prezident.

Qarabağ müharibəsində qazanılmış zəfərin sevinci və qüruru ilə Sizi və Azərbaycan xalqını “COJEP INTERNATIONAL” təşkilatı adından, şəxsən öz adımdan 28 May – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır. Can Azərbaycanın yaşadığı bu tarixi dövr türk dünyası üçün yeni bir nəfəs olub.

Azad Azərbaycanın müstəqilliyi əbədi olsun. Azərbaycanın müstəqilliyinin əbədi olması, haqq işinin bütün dünyaya çatdırılması, beynəlxalq platformalarda can Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün “COJEP INTERNATIONAL” təşkilatı olaraq bundan sonra da daim yanınızda olacağıq.

Zati-aliləri, “COJEP INTERNATIONAL” təşkilatı adından və şəxsən öz adımdan dərin hörmət və ehtiramımızla Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, can Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Üç rəngli bayrağınla məsud yaşa, can Azərbaycan”.

***

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnildən:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – 28 May – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Həqiqətən uzun müddətdən sonra ilk dəfədir ki, Azərbaycan bu gözəl milli bayramı bütün ərazisində azad şəkildə qeyd edir. Bu, hər kəsə milli birliyə yenidən qovuşmaq imkanı verən çox mühüm hadisədir.

Çox təəssüf ki, Fransa hökuməti müxtəlif tarixi hadisələrə, xüsusilə Qarabağın işğalı ilə bağlı məsələyə münasibətdə Azərbaycanın gözlədiyi cavabı vermədi.

Bundan əlavə, bəzi erməni dairələrinin təsiri altında olan çoxsaylı Fransa KİV-ləri Azərbaycandakı vəziyyətlə bağlı reallığı təhrif edirlər. Məhz buna görə ölkələrimiz və xalqlarımız arasında əlaqələri qoruyub saxlamaq, münasibətlərimizin inkişafına töhfə vermək bizim üçün indi həmişəkindən daha vacibdir.

Tezliklə böyük xalqlarımızı yenidən yan-yana görmək ümidi ilə bu əlamətdar gündə Sizə, Fransanın tarixi dostu olan Azərbaycan xalqına firavanlıq və uğurlar arzulayırıq.

Cənab Prezident, ölkələrimizin yaxınlaşması üçün Sizinlə əməkdaşlıq etməyə sadiq qaldığımızı bildirərək, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

***

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan, Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyodan:

“Əziz qardaşım, hörmətli cənab Prezident.

Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, Azərbaycan xalqına və Hökumətinə müstəqilliyinizin 103-cü ildönümü – 28 May – Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

Bu əlamətdar gündə dövrümüzün çağırışları ilə mübarizə aparmaq, qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq prinsiplərinə əsaslanan daha çoxtərəfli bir dünya qurmaq naminə Sizinlə və Hökumətinizlə əl-ələ verərək çalışmaqda davam etmək niyyətimizi bildirməkdən qürur duyuruq.

Daim müstəqil və azad Nikaraqua olaraq qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və ona bütün nikaraqualıların sevgisini çatdırırıq”.

***

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquen Suan Fukdan:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın müstəqilliyinin 103-cü ildönümü bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Vyetnam dövləti və xalqı adından səmimi təbriklərimi çatdırmaq istərdim.

Azərbaycanın yaxın dostu olan Vyetnam Sizin gözəl ölkənizin inkişafını daim diqqətlə izləyir və Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqının ölkənin inkişafında, insanların rifahının yüksəldilməsində, beynəlxalq inteqrasiyada, həmçinin Azərbaycanın regionda və dünyada rolunun və mövqeyinin möhkəmlənməsində, COVID-19 pandemiyasının yaratdığı çətinliklərin mərhələli şəkildə inamla aradan qaldırılmasında əldə etdiyi böyük nailiyyətlərə heyran olduğunu bildirir.

Mən Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluğun və hər iki ölkənin regionda və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verən çoxtərəfli əməkdaşlığın daha da inkişafına çox şadam.

Mən qəti əminəm ki, iki ölkənin rəhbərlərinin iradəsi və qətiyyəti, habelə iki xalqın həmrəyliyi sayəsində ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə Vyetnam və Azərbaycan arasında ənənəvi əməkdaşlıq gündən-günə möhkəmlənəcək və genişlənəcək.

Azərbaycana firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, səadət və nəcib vəzifənizdə böyük uğurlar diləyim”.

***

Tunis Respublikasının Prezidenti Kays Sayiddən:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha təsdiq edirəm”.

Oxşar Xəbərlər