Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə,namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 16 plan yeri üzrə 47 namizəd müsabiqədə iştirak edib. Onlardan 16 nəfəri rezidenturaya qəbul olub.
Rezidenturaya qəbul olunanlar tələb olunan sənədləri 21 oktyabr 2021-ci il tarixində saat 10:00-dan 13:00-dək müvafiq qurumların (Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında tanış ola biləcəklər.