İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştianu Ronaldo Portuqaliyanın “Sportinq” klubuna keçməyə yaxındır.
“QİA.az” “Cuatro” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu davamlı tənqidlərə məruz qalır və sabiq komandasına qayıtmaq üçün Turin təmsilçisi ilə müqaviləni ləğv etmək istəyir.
Ronaldo bunun üçün maaşının ciddi şəkildə azalmasına da razıdır.
Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Kriştianu Ronaldo 2002-ci ildə peşəkar karyerasına məhz bu klubda başlayıb.
O, 2003-cü ildə İngiltərə “Mançester Yunayted”inə keçib. Forvard cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda İspaniya “Real Madrid”indən 117 milyon avroya transfer olunub.