Rusiyanın “Rostselmaş” şirkəti Azərbaycandan olan tərəfdaşları ilə ölkəmizdə kombayn istehsalı üzrə ortaq istehsalat qurmaq imkanlarını müzakirə edir.
“QİA.AZ” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayətinin qubernator müavini İqor Sorokin bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanda birgə kombayn istehsalı sınaqdan keçiriləcək. İstehsal gücünün ildə 100 ədəd kombayn olacağı gözlənilir.
“Rostselmaş”ın baş direktoru Valeri Maltsev Azərbaycanda yığım müəssisəsi açmaq planlarını hələ 2019-cu ildə açıqlayıb. O zaman layihənin 2020-ci ildə başlanacağı, ilk mərhələdə 40-50 kombayn istehsal ediləcəyi planlaşdırılırdı.
2019-cu ilin noyabrında Rusiya-Azərbaycan forumunda “Rostselmaş” və “Azərmaş” Azərbaycanda kombayn yığımı üzrə müəssisənin yaradılmasını nəzərdə tutan niyyət sazişi imzalayıb. Sənəd “Nova” model kombaynların yığımını nəzərdə tutur.