Rusiya Azərbaycanın bir sıra müəssisələrindən pomidor idxalına icazə verib

Bu gündən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha beş müəssisəsindən pomidor tədarükünə icazə verir.

“QİA.az” “Rosselxoznadzor”un məlumatına əsasən xəbər verir ki, icazə bu istehsalçıları əhatə edir: Mirzəzadə Elçin Yaşar oğlu, “CTC Holdinq” ASC, “Local Garden” MMC, Quliyev Elman Yusuf oğlu və Babayev Gülməmməd Həmdulla oğlu.

“Bu qərar birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib. Məhsulların idxalı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə həyata keçiriləcək”, – məlumatda deyilir.

Beləliklə, hazırda Azərbaycanın 131 müəssisəsi Rusiya Federasiyasına pomidor tədarük edə bilər.

Qeyd edək ki, 2020-ci il dekabrın 10-dan etibarən “Rosselxoznadzor” meyvə və tərəvəzlərdə (pomidor və alma) Cənubi Amerika pomidor güvəsinin (Tuta absoluta) və Şərq meyvəyeyəninin (Grapholita molesta) aşkarlanması ilə əlaqədar olaraq Azərbaycandan Rusiyaya pomidor və alma idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Oxşar Xəbərlər