2020-ci ilin yekunlarına görə, Azərbaycan dəyər baxımından Rusiyanın aqrar-sənaye kompleksinin ən böyük idxalçı ölkələrinin ilk onluğuna daxil olub.
“QİA.az” xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin İxracın İnkişafı Federal Mərkəzinin hesabatında deyilir.
Qeyd olunur ki, ötən il Azərbaycan Rusiyadan 700 mln. ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları idxal edib.
Hesabat dövründə Rusiya xarici bazarlara ümumilikdə 30,7 mlrd. dollar dəyərində 79 mln. ton kənd təsərrüfatı məhsulu tədarük edib ki, bu da 2019-cu illə müqayisədə 5 mlrd. dollar və ya 20% çoxdur.
Ötən il 150-dən çox ölkə Rusiyadan kənd təsərrüfatı məhsulları idxal edib. Bunların arasında lider mövqedə idxal bazarının 13%-nə malik olan Çin qərarlaşıb. Türkiyə 10% ilə ikinci yerdədir. Həmçinin əsas 10 idxalçı ölkələr sırasına Qazaxıstan (6,8%), Misir (6,4%), Cənubi Koreya (5,7%), Belarus (4,7%), Niderland (3,4%), Ukrayna (2,5%), Azərbaycan (2,3%) və Səudiyyə Ərəbistanı (2,3%) daxildir.
Hesabatda həmçinin Azərbaycanın Rusiya taxıl alıcılarının Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Banqladeşdən sonra ilk beşlikdə olduğu bildirilir. Ötən il Rusiyadan Azərbaycana 313 mln. dollar dəyərində taxıl ixrac edilib.
Bundan əlavə, hesabat dövründə Rusiyadan Azərbaycana süd məhsullarının ixracı 14 mln. dollar təşkil edib. Azərbaycan bu kateqoriya məhsulların idxalına görə, Qazaxıstan, Belarus, Ukrayna və Özbəkistanla yanaşı ən böyük alıcı ölkələrin beşliyinə daxildir.