Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üçün elmi təhlillərin aparılmasına göstəriş verib və Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə bu mövzunu müzakirə etdiyini bildirib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısı Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşü zamanı bildirib.
Vladimir Putin deyib: “Siz Xəzər dənizi haqqında danışdınız. Bilirsiniz, mən bu yaxınlarda Azərbaycanda səfərdə idim və həmkarım, Azərbaycan Prezidenti diqqəti Xəzərin getdikcə dayazlaşmasına çəkdi. O, Həştərxan vilayəti ilə əməkdaşlıq haqqında çox səmimi danışdı”.
Rusiya Prezidenti Volqaboyu və Xəzər dənizi ətrafında vəziyyətin elmi təhlilinin hazırlanmasına göstəriş verib: “Sizdən bir xahişim var. Mən, əlbəttə ki, bunu hökumətə həvalə edəcəyəm, amma Xəzər dənizinə kömək məqsədi ilə yaxın gələcəkdə görüləcək işlərdə nəyin zəruri olduğunu başa düşmək üçün Volqa və Xəzər dənizində baş verən hadisələrin elmi təhlilini aparmaq xahişi ilə mənə müvafiq müraciət hazırlayıb göndərin”, -deyə Rusiyanın dövlət başçısı əlavə edib.
Həştərxan vilayətinin qubernatoru regionun elmi ictimaiyyətini bu işə cəlb edəcəyini və hesabatı hazırlayacağını vəd edib.