Bu gün İstanbulda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal arasında görüş keçirilib.

QİA.AZ-ın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiya-Türkiyə əməkdaşlığını müzakirə ediblər.

Bakı və Yerevan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Həmçinin Cənubi Qafqaz üçün “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, Türkiyə, İran) regional məsləhətləşmə mexanizmi formatının yaxın vaxtlarda işə salınmasının aktuallığı vurğulanıb.

Oxşar Xəbərlər