Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Moskvada çoxşaxəli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib və bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya hökumətinə istinadən məlumat yayıb.
“Danışıqlarda Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərinə baxılıb. Hökumətlərarası komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiq ediblər”, – məlumatda qeyd edilib.
Bildirilib ki, tərəflər ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.