Rusiya və Türkiyə Qarabağda atəşkəs üzrə mərkəzin yaradılması barədə memorandum imzalayıblar

Noy 11, 2020

Rusiya Müdafiə Naziri, ordu generalıSergey Şoyqu ilə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar arasında keçirilən videokonfransın yekunları üzrə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq mərkəzinin yaradılması barədə memorandum imzalanıb.

QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: “Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb”. Memorandumla ortaq monitorinq mərkəzinin vəzifələri və prinsipləri müəyyənləşdirilib.

Qeyd edilir ki, mərkəz tərəflərin atəşkəsə əməl etməsi və əldə olunmuş razılaşmaları pozan digər hərəkətlər barədə məlumat toplayacaq və yoxlayacaq. Mərkəz həmçinin vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək.

Oxşar Xəbərlər