Rusiyanın Kirov vilayətində faciə ilə nəticələnə biləcək, ancaq təsadüf nəticəsində yaxşı bitən şok hadisə baş verib. Belə ki, paraşütlə tullanma zamanı idmançılardan birinin əsas paraşütü açılmayıb və qız təxminən 800 m hündürlükdən sürətlə düşməyə başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Videodan görünür ki, tullanışı izləyən təlimatçı qıza səsucaldandan ehtiyat paraşütünü açmasını qışqırır, lakin bu baş vermir.
Kadrlarda faciəli nəticənin qaçılmaz olduğu görünsə də, əsl möcüzə baş verib. Qızın paraşütünün ipləri ağcaqayın budaqlarına ilişib və bu, yerə zərbəni yumşaldıb. Aldığı xəsarətlərə baxmayaraq, idmançı sağ qalıb.
Hazırda qız həkimlərin nəzarəti altındadır. Paraşütün nasazlığının səbəblərini araşdırmaq və gələcəkdə buna bənzər hadisələrin qarşısını almaq üçün hadisə ilə bağlı araşdırma aparılır.