Rusiyada binanın uçması nəticəsində ölənlərin sayı artıb.
Xilasedicilər Nijni Tagildə qismən dağılmış yaşayış binasının dağıntıları altından daha iki nəfərin cəsədini çıxarıblar.
QİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verib.
Bununla da ölənlərin sayı 10-a çatıb.
“İşlər başlayandan yeddisi uşaq olmaqla 15 nəfər dağıntılar altından çıxarılıb”, – nazirlikdən bildirilib.
17:48
Nijni Tagildə beşmərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı altıya çatıb. Xilasedicilər dağıntılar altından uşaq cəsədi çıxarıblar.
QİA.az bildirir ki, bu barədə Rusiya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
“Nijni Tagildə axtarış-xilasetmə işlərinin aparıldığı yerdə xilasedicilər həyat əlamətləri olmayan uşaq cəsədini çıxarıblar.”, – deyə mətbuat xidməti bildirib.
Beləliklə, ölənlərin sayı altıya çatıb, onlardan dördü uşaqdır.
Hazırda üç nəfərin taleyi naməlumdur.
11:24
Xilasedicilər Nijni Tagildə qismən dağılmış yaşayış binasının dağıntıları altından dördüncü adamın cəsədini çıxarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, avqustun 1-də səhər saatlarında Nijni Tagildə binada partlayış baş verib, bundan sonra iki giriş uçub. Fövqəladə Hallar Nazirliyi hadisənin ilkin səbəbi kimi qaz partlayışını göstərib.
İdarənin məlumatına görə, altısı uşaq olmaqla 12 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko daha sonra jurnalistlərə bildirib ki, beşi uşaq olmaqla on nəfər xəstəxanaya yerləşdirilib, ikisi uşaq olmaqla beş zərərçəkən isə ambulator müalicə alıb.