Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin etibarlı olmasını sınaqdan uğurla çıxardı.
QİA.az xəbər verir ki, bu sözləri news.ru saytına müsahibəsində Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov deyib. O bildirib ki, sülhməramlıların Qarabağdan çıxarılması iki dövlət arasında xoş münasibətlər çərçivəsində həyata keçirilib. Sülhməramlıların çıxarılması Moskva ilə Bakı arasındakı əlaqələrin möhkəmliyinin göstəricisidir.
Politoloqun fikrincə, Azərbaycan Ermənistandan fərqli olaraq özünü etibarlı tərəfdaş kimi, Prezident İlham Əliyev isə özünü danışıqları apara bilən siyasətçi kimi göstərdi. Ölkələrimiz arasındakı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Ermənistanın güzəştli vəziyyətinə faktiki olaraq son qoydu. Bu, yalnız İrəvanın hərəkətlərindən deyil, eyni zamanda, Azərbaycanın ləyaqətli siyasət yürütməsindən irəli gəldi.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin isə qeyd edib ki, sülhməramlı hərbi kontingentin Azərbaycan ərazisindən çıxarılması qanunauyğun və məntiqlidir. Sülhməramlılar Qarabağ münaqişəsi həll olunduğu üçün geri qayıtdılar: “Onlar öz missiyasını ləyaqətlə yerinə yetirdilər”.
Mənbə:AZƏRTAC