Avropa İttifaqı (Aİ) 2021-ci ilin yazına nəzərdə tutulmuş “Şərq Tərəfdaşlığı” proqramının zirvə görüşünə qədər proqramın iştirakçısı olan 6 ölkəyə koronavirusa qarşı Qərbdə istehsal edilmiş peyvəndin sadələşdirilmiş qaydada tədarükü üçün mexanizm hazırlamalıdır.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin üzvü olan 13 ölkənin xarici işlər nazirlərinin Avropa Komissiyasına ünvanlanan məktubunda bildirilir.
“Biz Avropa Komissiyasını Qərbi Balkan ölkələrini dərmanlarla təchiz etmək üçün artıq işə salınmış mexanizmin bənzəri olacaq dəstək mexanizmini hazırlamağa çağırırıq. (2021-ci ilin birinci yarısında) Şərq Tərəfdaşlığı ölkələrinin zirvə görüşünə qədər bu proqramın strateji əhəmiyyətinə dair güclü və əlaqəli siqnal verməliyik. Koronavirusa qarşı peyvəndin sadələşdirilmiş qaydada tədarükü bu siqnalın mühüm ünsürü olardı. Həmin ölkələrin hökumətləri və vətəndaş cəmiyyətləri tərəfindən bu addımların yüksək dəyərləndiriləcəyinə, nəticədə Avropa İttifaqının dünyadakı geosiyasi rolunun daha da artacağına şübhə etmirik”, – məktubda vurğulanır.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən 2009-cu ildən həyata keçirilən “Şərq Tərəfdaşlığı” proqramının başlıca hədəfi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirməkdir.