“Səbail” 50-ci, “Zirə” 100-cü qələbəsini qazanıb

Apr22,2024

“Zirə” və “Səbail” komandaları Azərbaycan çempionatları tarixində yubiley qələbələrini qazanıblar.

QİA.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXI turuna təsadüf edib.

“Araz-Naxçıvan”ı 2:0 hesabı ilə üstələyən “Səbail” 50-ci, “Neftçi”yə (3:1) qalib gələn “Zirə” 100-cü qələbəsini rəsmiləşdirib.

“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadır. “Dənizçilər” ilk qalibiyyətini 2017/2018 mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.

Premyer Liqada 2015-ci ildə debüt edən “Zirə” 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.

Oxşar Xəbərlər