“Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatları aşkarlanıb

Mar24,2021

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib.

SOCAR-dan QİAZ.AZ-a bildirilib ki, bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.

“Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə hasilatın pay bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq qazma əməliyyatı dənizin 623 metr dərinliyində BP şirkətinin operatorluğu ilə aparılmış və SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə yerinə yetirilib. Quyuda qazma işlərinə ötən il yanvarın 11-də başlanılıb.

Prezident İlham Əliyev deyib: “BP şirkəti ilə SOCAR-ın əməkdaşlıq tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu dövr ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Bu əməkdaşlığın məhsulu olan layihələrin sırasına “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi, Bakı-Tbilisi-Ceyhan boru kəməri, “Şahdəniz”, Cənub Qaz Dəhlizi və ona aid olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr daxildir. Hazırda BP-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. BP Azərbaycanın neft-qaz sənayesinin ən böyük xarici investorudur.

Bu gün biz ənənəvi tərəfdaşımız olan BP ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatıb. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına, və nəticə etibarilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töhfə verəcək. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər.

Bu uğur münasibətilə Azərbaycan xalqını, Azərbaycan neftçilərini, BP və SOCAR şirkətlərini təbrik edirəm”.

Xatırladaq ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Blok 1100 kvadratkilometr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsilə aşkar olunub. 2010-cu il oktyabrın 7-də SOCAR və BP şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50 faiz müəyyən edilib. Sazişə əsasən, BP şirkəti 2012-ci ildə “Şəfəq-Asiman” blokunda 3D seysmik ölçü işlərini yerinə yetirib. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirib və 2020-ci ildə quyunun qazılmasına başlanılıb.

Oxşar Xəbərlər