Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən işə başlayıb.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən dünən gün ərzində 329 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Müraciətlərin operativ araşdırılması, vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Bu qrupu tərəfindən yanvarın 11-də 90-dan çox müraciət qəbul edilib və 45 müraciət yerində baxılaraq həll olunub.

Uzaqda yaşayan vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq həmin şəxslərin müraciətlərinə uyğun olaraq lazımi sənədlərin əldə edilməsi üçün aidiyyəti hərbi hissələrə komissiya tərəfindən müvafiq sorğular göndərilir.

Qeyd edək ki, komissiyanın fəaliyyətindən vətəndaşların məmnunluq dərəcəsinin öyrənilməsi məqsədilə rəy sorğusu da keçirilir.

Oxşar Xəbərlər