ŞƏHADƏTİN MÜBARƏK AMİN

Vətən məhəbbətinin atəşi ilə düşməni məhv etməliyik və edəcəyik də… Torpaqlarımızı azad etmək üçün, analarımızın gözündən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq və qalxayacağıq da… Məhz bu amal uğrunda yaşayan igid qardaşımız Amin Gülməmmədov canından keçərək vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zivəsinə ucalıb. Yaşadığı zaman anasına dediyi kimi….
Amin 31 iyul 1995- ci ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. Qardaşı Raminlə əkiz olublar. O, ilk təhsilini Saltaq kənd məktəbində alıb. Hərb sənətini seçən hər iki vətənpərvər qardaş 2010-cu ildən təhsilini Heydər Əliyev adına Naxçıvan hərbi liseyində davam etdirmək ümün sənədlərini təqdim edib. Lakin qardaşı Ramin səhhəti ilə əlaqədar hərb sahəsində təhsil ala bilməyib. Amin isə liseyi bitirdikdən sonra 2013-cü ildə Bakı şəhərində Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olub.
Amin ailəcanlı, mehriban, qayğıkeş, uşaqla uşaq, böyüklə böyük olan biri kimi tanınıb ətrafında. O, idman növlərindən atletikanı sevirdi. Yüksək hərbi biliklərə yiyələnən Amin nümunəvi hərbi xidməti ilə də seçilib. O, dəfələrlə diploma layiq görülüb.
Amin Gülməmmədov 2017- ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı əsasında leytenant rütbəsi ilə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xitmətə başlayıb. 3 il ön xəttə xidmət edən igidimiz 2019- cu ildə baş leytenant rütbəsini alıb. Elə həmin il son dəfə evlərinə gələrək, ailəsi ilə görüşüb.
2020- ci ilin sentyabrın 27-sində ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsində Füzuli-Daşaltı istiqamətində gedən döyüşlərdə iştirak edib. Şəhidimiz Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin uğrunda gedən döyüşlərdə uğurlu fəaliyyət göstərib. Amin 2 noyabr tarixdə Daşaltıda gedən döyüşlər zamanı yaralanıb. Xocavənddə ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.
Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra ”Cəsur döyüşçü”, ” Vətən uğrunda” , ” Xocavəndin azad olunmadına görə” medalları ilə təltif olunub. Şəhid 28 dekabr 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndinə gətirilərək dəfn olunub.
Qəhrəmanlıqlarla dolu olan uca bir zirvəyə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bəli, azadlığımızı canı ilə qazanıb qanı ilə yazanları, Vətən, azadlıq yolunda canından keçənləri yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq üçün hər birimiz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.
Allah şəhidimizə rəhmət eləsin.

Ruhu şad olsun!


Bəxtiyar Əliyev

Oxşar Xəbərlər