Baku TV Vətən müharibəsi şəhidi Zaur Mədətov haqqında reportaj hazırlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 8-də şəhid olub. O, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Zaur Mədətovun anası Raziyyə Mədətova oğlunun necə şəhid olmasından danışıb:
“Oktyabrın 8-i gündüz vaxtı üzbəüz döyüşlərdə mühasirəyə düşüblər, səngərdə gizləniblər. Zaur görüb ki, atışmadır, səngərdə qalmayıb. Oradan çıxıb digər səngərə keçmək istəyəndə alnından güllə yarası alıb, 4 saat orada qalıb. Çünki həmin vəziyyətdə heç kim yaxına gedə bilmirdi, hamı öz səngərində qalmışdı. 4 saatdan sonra onu Füzuli hospitalına yola salıblar”.
Raziyyə Mədətova şəhid anası olduğuna görə qürur duyduğunu deyib:
“Şəhid anası olmaq bir yandan qürurvericidir, digər yandan isə mən bunu dilimə gətirə bilmirəm. Nə vaxt bir yerə getsəm, şəhid anası olduğumu deməyə çəkinirəm. Bunu deyəndə ürəyim parçalanır”.