Şəhidlərimizin xatirəsinə inşa edilən abidə-bulağın açılışı olub

Vətən müharibəsi şəhidi Mustafazadə Ceyhun Şükür oğlunun doğulduğu Ağcabədi rayonunun Sarıcalı kəndində abidə-bulağın açılığı oldu.

QİA.AZ xəbər verir ki, Ehsan bulağının açılış mərasimində şəhidin ailə üzvləri, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov, Xocalı RTŞ-nin metodisti Tural Əhmədov, Kosalar kənd İƏD-si üzrə nümayəndəliyin mühasibi Vasif Bağırov, “Xocalının səsi” qəzetinin redaktoru Qalib Quliyev, Ağcabədi rayonundan rəsmi nümayəndələr, ictimai fəallar, müharibə veteranları və kənd sakinləri iştirak etdilər.

      Tədbirdə çıxış edən natiqlər Vətən Müharibəsində Müzəffər Ordumuzun Şanlı zəfərindən söz açdılar. Bildirildi ki, Ordumuzun 44 günlük əks-həmlə əməliyyatları nəticəsində 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı azad etdik. Böyük Zəfərimiz Cənab Prezidentimizin qətiyyəti, Xalq-Ordu birliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində təmin edildi. Zəfər tariximizin səhifələrində qəhrəman şəhidlərimizin adları əbədi yazılmışdır. Xalqımız hər zaman şəhidlərimizin ruhunu əziz tutur, onları daim dərin ehtiramla yad edir. Açılışını etdiyimiz şəhid Ceyhun Mustafazadənin ailəsinin şəxsi vəsaiti hesabına inşa edilən abidə-bulaq kompleksi də şəhidlərimizin xatirəsini əbədiləşdirən ziyarət yerlərindən biridir.

        Çıxışlar zamanı Vətən müharibəsi şəhidi Ceyhun Mustafazadənin həyat və döyüş yolundan da danışıldı. Məlumat verildi ki, Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri olan Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2003-cü ildə Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbində orta təhsil almağa başlayıb. Hələ orta məktəbdə olarkən vətənpərvərliyi ilə seçilib. Onun dəftərlərinin arasından əsgər həyatı haqqında yazdığı şeirlər çıxır. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən sonra 2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi tərəfindən mükafatlarla dəyərləndirilib.

        Ceyhun Mustafazadə Vətən müharibəsində Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində, Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında şücaətlə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

        Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Mustafazadə Ceyhun Şükür oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” medalı və Cənab Prezidentin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif  edilmişdir.

        Qeyd edək ki, şəhidimizin atası Şükür Adilov I Qarabağ müharibəsinin fəal iştirakçılarındandır. Şükür kişi dövlətinə, millətinə layiqincə xidmət göstərib.O, Azərbaycanın Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai Birliyinin “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı, AVMVİB – nin 25 illiyi yubiley medalı, “Müharibə veteranı” medalı və “Milli Ordu – 100” medalı ilə təltif edilmişdir.

         Şükür Adilov 1993-cü ildən 2004-cü ilə qədər Xocalı Rayon Poliş Şöbəsində post patrul xidməti vəzifəsində çalışıb. Polis orqanlarında çalışdığı ilk vaxtlardan ailə Xocalı qeydiyyatına düşüb.

Tədbirin sonunda Vətən müharibəsi şəhidi Ceyhun Mustafazadənin məzarı ziyarət edildi və Xocalı rayon İcra Hakimiyyəti adından şəhidimizin xatirəsinə hazırlanmış əklil məzarına qoyuldu.

        Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.

Oxşar Xəbərlər