Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi.
Tarixi
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır.
Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində “Niqa” adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır.
Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. “Nuxa” sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.
Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.
I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı.
XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.
1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış, bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı.
1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı.
1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı və ya erməni hissəsi. Şəhər ətraflı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa -Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.
Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860–1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi.
1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.
1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.
Tarixi abidələri
Şəki şəhəri Azərbaycan tarixində mühüm yer tutur. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi; XVIII–XIX əsrlərə aid Aşağı karvansaray, Yuxarı karvansaray; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid “Gavur” qalası; orta əsrlərə aid Qudula qala yeri; Aydınbulaqda Ağcaqala qülləsi; Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan “Gələrsən görərsən” qalası qorunur.
Coğrafi mövqeyi
Şəki rayonununda Böyük Qafqaz dağları
Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir. Baş Qafqaz silsiləsindən cənuba doğru Qaflan, Layski, Qaraquzey, Qızılçay köndələn tirələri ayrılır. Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100–200 m) və Şəki yaylası (200–400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir.
Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.
Relyefi
Şəki dəniz səviyyəsindən 500–850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000–3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır. Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir.
Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.
Təbiəti
Şəkinin təbiəti çox rəngarəngdir. Burada çoxlu heyvan və bitki növləri mövcuddur.
İqlimi
Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 °C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20–25 °C arasında dəyişir.
Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10–12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.
Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.
Dəniz səviyyəsindən 500–850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.
Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.
İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 68 kənd vardır.
Əhalisi
01.01. 2017-ci il tarixə Şəki rayonunun əhalisi 184172 nəfərdir. Onlardan 68360 nəfəri şəhər, 115812 nəfəri kənd ərazisində yaşayır. Rayonda 309 şəhid ailələri, 183 Qarabağ Müharibəsi əlilləri, 12 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 1142 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 4949 məcburi köçkün məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar 86115 nəfər təşkil edir. Təhsil alanların sayı 29694, təqaüdçülərin sayı 25957 nəfərdir.
Etnik tərkibi
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
Etnik qrup | 1999 | 2009 | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
Cəmi | 157 353 | 100.00 | 170 733 | 100.00 |
Azərbaycanlılar | 148 862 | 94.60 | 163 092 | 95.52 |
Ləzgilər | 7 469 | 4.75 | 7 152 | 4.19 |
Ruslar | 231 | 0.15 | 121 | 0.07 |
Türklər | 45 | 0.03 | 26 | 0.02 |
Kürdlər | 47 | 0.03 | 26 | 0.02 |
Avarlar | 15 | 0.01 | 14 | 0.01 |
Tatarlar | 61 | 0.04 | 10 | 0.01 |
Ukraynalılar | 128 | 0.08 | 6 | 0.00 |
Gürcülər | 13 | 0.01 | … | … |
Ermənilər | 7 | 0.00 | … | … |
Digərləri | 475 | 0.30 | 286 | 0.17 |
Görkəmli şəxsləri
- Mirzə Fətəli Axundzadə — yazıçı-dramaturq, ictimai xadim, maarifçi
- Bəxtiyar Vahabzadə — Şair
- Molla Cümə — Şair
- Əhmədiyyə Cəbrayılov — II Dünya Müharibəsi iştirakçısı, partizan
- Gülyanaq Məmmədova — Azərbaycan xalq artisti
- Gülyaz Məmmədova — Azərbaycan xalq artisti
- Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı
- Yaqub Mahmudov — AMEA — nın Tarix instutunun direktoru, əməkdar elm xadimi, Azərbaycan Respublikasının II (2000–2005), III (2005–2010) və IV (2010–2015) çağırış Milli Məclisinin deputatı
- İkram Ağasiyev — tarixçi, professor
- Emin Sabitoğlu — bəstəkar
- Salman Mümtaz — ədəbiyyatşünas-alim
- Rəşid bəy Əfəndiyev — maarifçi, yazıçı
- Sabit Rəhman — yazçı-dramaturq
- Şəfiqə Axundova — bəstəkar
- Rasim Ocaqov — kinorejissor, kinooperator
- Cavanşir Quliyev — bəstəkar
- İsmayıl Osmanlı — aktyor
- Lütfəli Abdullayev — aktyor
- Cövdət Hacıyev — bəstəkar
- Fuad Əbdürəhmanov — heykəltəraş
- Könül Xasiyeva — Azərbaycan xalq artisti
- Məhəmmədhüseyn xan Müştaq — şair
- Şakir Şakəvi — şair
İqtisadiyyat
Respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 184172 nəfərdir. Ondan şəhər əhalisi Turan və Çələbixan qəsəbələri ilə birlikdə 68360 nəfər, kənd əhalisi 115812 nəfərdir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. 37,0 faizi şəhərdə, 63,0 faizi isə kənddə yaşayır. Əhalinin sıxlığı bir kvadrat kilometrdə 76 nəfərdir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 86115 nəfərdir ki, bunların da 47200 nəfəri kənd təsərrüfatında, 2100 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7853 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyətdə, 23921 nəfəri digər sahələrdə fəaliyyət göstərir. 2016-cı il ərzində istehsalın əsas sahələrində ilkin hesabatlara görə adambaşına faktiki qiymətlərlə 1758 manat olmaqla 323823,4 min manatlıq məhsul buraxılmışdır. 2016-cı ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 107,9 faiz təşkil edir. O cümlədən, sənayedə məhsul buraxılışı 21547,0 min manat, kənd təsərrüfatında 152319,4 min manat, tikintidə 17081,2 min manat, nəqliyyat və anbar təsərrüfatında 6544,0 min manat, informasiya və rabitədə 1762,7 min manat, topdan və pərakəndə satış, avtomobillərin, motosikiletlərin, məişət əşyalarının satışı və təmiri sahəsində 124569,1 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 347958,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 81524,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışı 2003-cü il illə müqayisədə 2016-cı ildə 6 dəfə, sənaye məhsulunun həcmi 7 dəfə və kənd təsərrüfatının ümumi məhsulu 4.5 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş investisiya 10 dəfə artaraq 31282,3 min manat, o cümlədən tikinti-quraşdırma işləri 6,9 dəfə artaraq 17081,2 min manat təşkil etmişdir; Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Şəki rayonu üzrə 459 sahibkarlıq subyektinə 28,03 mln manat, o cümlədən 2016-cı il ərzində 33 sahibkarlıq subyekti üzrə 339,5 min manat güzəştli kretit verilmişdir. Rayonda 2016-cı il ərzində 2978 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Ümumiyyətlə, 2003–2016-cı illər ərzində rayonda 18834 yeni iş yeri açılmışdır ki, bunun da 94,4 faizi daimi iş yerləridir. Rayon üzrə orta aylıq əmək haqqı 256 manat olmuşdur. 2003–2016-cı illər ərzində rayonda 30 yeni məktəb binası tikilmişdir. Hazırda rayonda 29 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 21-i kiçik müəssisələrdir. Əhaliyə 38 elektron sistemli ATS və 38 poçt şöbəsi xidmət göstərir ki, bunlardan da 9 ATS və 8 poçt şöbəsi şəhərdə, 29 ATS və 30 poçt şöbəsi kəndlərdədir.
Maddi-mədəni irsi
Rayonda Zəyzit məbədi (XI–XII), Kiş kilsəsi, Aydınbulaq qülləsi və s. abidələr var.
Nəqliyyat
Şəkini Azərbaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi- dəmir yolu və avtomobil yolları birləşdirir. Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir.
İnzibati ərazi vahidlərinin sayı
1 şəhər, 2 qəsəbə, 68 kəndi vardır.
Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur. Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə “Şəki-İpək” ASC-dir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir.
Mətbəx
Şəki özünün çox zəngin mətbəxi, ilk növbədə Şəki pitisi, Şəki halvası, Dum-Dum halvası, bamiyəsi, qırma-badamı, Şəki paxlavası və şirniyyatları ilə məşhurdur. Həmçinin döyməci, çığırtmalı plovu, Cousu, gülabı,balvası, alalı qutabı ilə də tanınır.