Şəki və Lahıc qoruqlarında Respublika Günü münasibətilə tədbirlər keçiriləcək

Dövlət Turizm Agentliyinin tabeliyində olan bəzi turizm müəssisələrində 28 May -Respublika Gününə həsr olunmuş tədbirlər planlaşdırılıb.
Mayın 28-də Şəki Tarix-Diyarşünaslıq Muzeyindəki xüsusi guşədə ziyarətçilərə Respublika Gününün tarixi əhəmiyyəti, Şərqdə ilk demokratik dövlətin yaradılması, Xalq Cümhuriyyətinin fəaliyyətində Şəki dövrü və digər tarixi faktlarla bağlı ətraflı məlumat veriləcək. Muzeyin ekspozisiya zalında isə “Müstəqilliyimiz əbədidir”  mövzusunda mühazirə səsləndiriləcək.

Agentlikdən “QİA.az”a verilən məlumata görə, Şəki Dövlət Rəsm Qalereyasında 27 may-6 iyun tarixlərində “Vətənim Azərbaycan” adlı sərginin keçirilməsi planlaşdırılır. Sərgidə gənc və yeniyetmə rəssamların rəsmləri  nümayiş etdiriləcək.

Şəki Xalq Tətbiqi Sənəti Muzeyində isə bayram günü gənc rəssam Elxan Kərimovun əl işlərindən ibarət “Şərqin ilk demokratik respublikası” adlı sərgi təşkil olunacaq.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyində bayram münasibətilə “Açıq qapı” günü təşkil olunacaq. Muzeyin ziyarətçilərinə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Lahıcda yaşadığı dövr, burada “Əsrimizin Siyavuşu” əsərinin yazılması tarixi və digər faktlar haqqında məlumat veriləcək.

Oxşar Xəbərlər