Şəmkir şagirdləri təhsildən yayındırılır – YENİ MÜDİRİN SƏRGÜZƏŞTLƏRİ – FOTOLAR

Apr 19, 2021

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev bir neçə gündür ki, vəzifəyə təyin olunsa da, özünü işgüzar rəhbər kimi göstərmək istəyib.

Lakin yeni müdirin təhsil qanunvericiliyindən bixəbərliyi özünü göstərib. Belə ki, Şəmkir Rayon Təhsil Şöbəsinin feysbuk səhifəsində yazın gəlişi ilə əlaqədar Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərində ağacəkmə aksiyasına start verildiyi ilə bağlı paylaşım olunub. Qeyd olunan paylaşımda şagirdlərin ağac əkdiyi əks olunan şəkillər paylaşılıb. Şagirdlərin ağacəkmə aksiyasına cəlb olunmaları qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasıdır.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 7.2-ci bəndinə əsasən təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Bu məqamda daha bir sual yaranır: əkilən ağaclar haradan alınır? Nəzərə alsaq ki, Şəmkir rayonunda 78 məktəb var, əkilən ağacların sayı çox maraqlıdır. Görəsən, yeni müdirin pulsilmə tədbirləridir yoxsa təzyiqləri?

Qeyd edək ki, dərc edilən məlumat Şəmkir rayon sakinləri tərəfindən Qarabağ İnformasiya Agentliyinin rəsmi e-mail ünvanına göndərilib. Əməkdaşımız Rayon Təhsil Şöbəsinin rəsmi telefon nömrəsi ilə əlaqə saxlamağa çalışsa da, zəngləri cavablandıran olmayıb.

Oxşar Xəbərlər