Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb.
QİA.AZ-a məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Moldova təmsilçisi Georgi Rubayevlə üz-üzə gəlib.
Qarşılaşma 5:5 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən Rubayev finala vəsiqə qazanıb. Hacımurad Məhəmmədsəidov isə sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Erhan Yaylacı (Türkiyə) – Mihay Nikolae Palagia (Rumıniya) cütünün qalibi olacaq.
Həmçinin bu gün mübarizəyə qoşulmuş 70 kq çəki dərəcəsində Gitinoməhəmməd Hacıyev və 125 kq-da Camaləddin Məhəmmədovun uduzduğu rəqiblər finala çıxdıqlarından hər iki güləşçi təsəlliverici görüşdə iştirak edəcək. Hacıyev Rumıniya idmançısı George Bukurla, Məhəmmədov isə argentinalı Katriel Pehuen Muriellə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.