“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib-FOTO

Aprelin 25-də Azərbaycan Sərhəd Mühafizəsinin 105 illiyi ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində keçirilən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi olub.

QİA.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin regional idarələrinin nümayəndələrinin də qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağın artırılması və onların hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.

Ölkənin 38 rayonundan 187 məktəbin 875 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşıb və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Bakı şəhərindən “Şahinlər”, Beyləqan rayonundan “Bozqurd”, Cəlilabad rayonundan “Ləkin”, Qax rayonundan “Zəfər”, Qazax rayonundan “Şahinlər”, Qusar rayonundan “Zeyxur”, Lənkəran şəhərindən “Gözətçi”, Mingəçevir şəhərindən “Qartal”, Ordubad şəhərindən “Ümid”, Şəki şəhərindən “Şimşək”, Şəmkir rayonundan “Gənclər” komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.

Tədbir iştirakçıları və qonaqlar Lənkəran rayon Mədəniyyət evinin kollektivi tərəfindən təşkil olunan konsert proqramını izlədikdən sonra sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olublar.

“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 1-dək davam edəcək.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

Oxşar Xəbərlər