Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalı olub. O, doğulub boya-başa çatdığı Ağbaba mahalından, İlanlı – Çaybasar kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanda əsirlikdə qalan, yandırılan, dağıdılan yüzlərlə yaşayış məntəqəsinin sakinləri kimi, onun üçün də doğma kənddə keçirdiyi günlər əzizdir, unudulmaz xatirələrdir. Müsahib Vətən həsrəti ilə yaşadığını, yuxularında tez-tez Çaybasara getdiyini dilə gətirib.
Bolşevik, kommunist libasına bürünən daşnakların Qərbi Azərbaycandakı soydaşlarımıza münasibətindən danışan S.Ağbabalı deyib ki, ötən əsrin 1918-1920-ci illərində, eləcə də sovet hakimiyyəti dövründə ermənilər azərbaycanlılara qarşı kütləvi qətliamlar törədib, insanları öz ata-baba yurdundan didərgin salıblar. O, babasının, onun qardaşlarının, bacısı oğlunun da ermənilər tərəfindən qətlə yetirildiyini söyləyib. Qeyd edib ki, sovet hakimiyyəti illərində İslam fundamentalizminə qarşı mübarizə adı altında soydaşlarımız təqib olunublar. Belə ki, perspektivli azərbaycanlı kadrlara böhtan atılıb, şərlənib, həbs edilib, həmçinin “qolçomaq” kimi Vətəndən sürgün olunublar.
SSRİ dövründə erməni millətçilərinin qondarma soyqırımı təbliğatı apardıqlarını xatırladan S.Ağbabalı deyib ki, bu “ideologiyanın” təsiri altında olanlar azərbaycanlılarla çox pis rəftar ediblər. Belə münasibət 1980-ci illərdə daha da kəskinləşib. Hətta ermənilər birinci katib İldırım Bağırovu vəhşicəsinə döyüblər. Fiziki-mənəvi işgəncələrdən canını qurtarmaq üçün Qərbi Azərbaycandan 1988-ci ildə köçən dinc əhalinin qarşısı kəsilib, bəzisi qətlə yetirilib, bir qisminin isə malı-mülkü məhv edilib.
Araşdırmaçı jurnalist qeyd edilənlərə nümunə kimi, Qanlıca kəndi ərazisində 15 ailənin köçünün ermənilər tərəfindən yandırılmasını, rayon daxili işlər şöbəsinin əməkdaşı Arif İsgəndər oğlu Məmmədovun, Qaraçanta kənd sakini Arzu İsfəndiyar oğlu Haqverdiyevin güllələnərək öldürülməsini göstərib. Deyib ki, belə faktlar çoxdur.
S.Ağbabalı ümummilli lider Heydər Əliyevin SSRİ dövründə və müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Qərbi Azərbaycandan olan soydaşlarımıza böyük diqqət və qayğı ilə yanaşmasından, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tarixi torpaqlarımıza qayıdış strategiyasının müəllifi olmasından, bu istiqamətdə atılan addımlardan da danışıb. Bildirib ki, başlıca hədəf, əsas məqsəd Qərbi Azərbaycana dönməkdir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.