Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze vəzifəsini tərk etmək barədə qərar qəbul edib.
QİA.AZ Reporta istinadən xəbər verir ki, bunu partiya sədri “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu addım onun üçün olduqca çətin olsa da, başqa yol görmür.
Q.Vaşadze partiya rəhbərliyinin üzvlərlə məsləhətləşmədən seçdiyi taktika ilə razılaşmadğını qeyd edib: “Partiya strategiyasının olmaması mənim üçün qəbuledilməzdir. Partiya daxilində və ətrafında bəzi fiqurlar çoxdandır keçmişə qayıdıb və onlarla biz heç vaxt seçicilərin etimadını qazana bilmərik”.
Müxalifətçi tərəfdarlarından üzr istəyib və onlara çoxdan gözlənilən qələbə arzu edib.
Qeyd edək ki, 2001-ci ildə əsası qoyulan VMHP-nin lideri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilidir. Q.Vaşadze 2017-ci ilin yanvarından partiyaya sədrlik edib. O, 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.