Sabah evimizdə ilk oyunumuzu keçirəcəyik. Bizi maraqlı qarşılaşma gözləyir. Rəqib Avropada tanınan və təcrübəsi olan komandadır. İlk matçda qalib gəlsək də, “Makkabi”ni yenə də matçın favoriti hesab edirəm.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində doğma meydanda İsrailin “Makkabi” (Hayfa) komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, ilk oyunda alınan 3:0 hesablı qələbənin komandasını arxayınlaşdırmayacağını bildirib: “Futbolçularla da danışmışam. Arxayınlaşmaq olmaz. Əlimizdən gələni edəcəyik ki, mərhələni adlayaq”.
Xorvatiyalı mütəxəssis sabahkı matçda müdafiə futbolu oynamaq istəmədiklərini söyləyib: “Ən yaxşı müdafiə hücumda olmaqdır. Hazırda bütün gücümüzü sabahkı oyuna yönəltmişik. Gələcək barədə indidən danışmaq tezdir”.
K. Renduliç “Sabah”ın sabiq ukraynalı futbolçusu Aleksey Kaşukun klubun transfer siyahısında olmadığını da diqqətə çatdırıb.
Qeyd edək ki, avqustun 1-i Masazırda yerləşən “Bank Respublika Arena”sında baş tutacaq “Sabah” – “Makkabi” (Hayfa) oyunu saat 20:00-da start götürəcək. Komandalar arasında ilk matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.