Sabancı” holdinqinin nümayəndəsi: Yaşıl enerji sahəsində Türkiyə üçün böyük imkanlar açılır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyası (COP29) Türkiyənin yaşıl enerji sahəsində böyük potensialdan istifadə olunmasının zəruriliyini nümayiş etdirdi.

Qia.az xəbər verir ki, bunu “Sabancı” holdinqinin enerji şirkətləri qrupunun rəhbəri, “Enerjisa Enerji”nin idarə heyətinin rəhbəri Kıvanc Zaimler “Milliyet” qəzetinə müsahibəsində bildirib. Qeyd edək ki, Kıvanc Zaimler COP29 çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.

O, Türkiyə hökumətinin COP29 çərçivəsində müzakirə edilən 2035-ci ilədək enerji sahəsində Fəaliyyət Planını “real, lakin nail olunması çətin” kimi səciyyələndirib.

Kıvanc Zaimlerin sözlərinə görə, bu gün dünyada günəş və külək elektrik stansiyalarının dəyəri yüksəkdir və bərpaolunan enerji mənbələrindən istehsal olunan enerji bəzi sənaye sahələrinin tələbatına kifayət etmir.

“Qazıntı yanacağından istifadə edərək istədiyinizə nail ola bilərsiniz, lakin o, ekoloji cəhətdən təhlükəlidir. Buna görə də üç amil arasında tarazlığı təmin etmək vacibdir: enerji təhlükəsizliyi, maliyyə imkanları və ətraf mühitə dəyən zərər”, – deyə Zaimler hesab edir.

“Enerjisa Enerji” idarə heyətinin rəhbəri qeyd edib ki, enerji ehtiyaclarını ödəmək üçün ən yaxşı mənbələr kömür, qaz və neft olaraq qalır, lakin iqlim problemləri var. Eyni zamanda, məhsuldarlıq baxımından günəş elektrik stansiyaları və külək elektrik stansiyaları ən gəlirli olsa da, onların tikintisinin xərcləri yüksəkdir.

Kıvanc Zaimler Türkiyə hökumətinin növbəti 11 ildə ölkənin günəş və külək elektrik stansiyalarının gücünü dörd dəfə (yəni 120 MVt-a qədər) artırmaq planlarına diqqət çəkib.

“Bu, 80 milyard dollar investisiya tələb edir, infrastrukturun modernləşdirilməsi və elektrik xətlərinin genişləndirilməsi xərcləri isə nəzərə alınmaqla, bu həcm 108 milyard dollara çatacaq. Məqsəd realdır, lakin ona nail olmaq üçün bütün strukturlar öz öhdəliklərini tam yerinə yetirməlidir. Yeni xarici investisiyaların cəlb edilməsi də vacibdir”, – deyə “Sabancı” holdinqinin nümayəndəsi bildirib.

COP29-un mövzusuna qayıdaraq, o qeyd edib ki, dünya ölkələrinin Bakı sammitində elan etdikləri iqlim üzrə maliyyələşdirmənin həcmi hələ də qlobal ekoloji böhranın nəticələrini aradan qaldırmaq üçün yetərli deyil. İnkişaf etməkdə olan ölkələr iqlim böhranının mənbəyi deyil, lakin bu gün kataklizmlərin nəticələrini ən güclü şəkildə hiss edənlərdir.

“COP29-da aparılan müzakirələr mənim fikrimi gücləndirdi ki, Türkiyənin yaşıl enerji sahəsində böyük imkanları var, xüsusən də onun Avropaya yaxınlığı nəzərə alınmaqla”, – deyə Kıvanc Zaimler fikrini yekunlaşdırıb.

Oxşar Xəbərlər