Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kəndində həyətyanı sahədə, Kəngərli rayon Yurdçu kəndində isə ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
QİA.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şahbuz və Kəngərli Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Şahbuz rayonunda yanğın hadisəsi nəticəsində 20 kvadratmetr quru otluq sahə yanıb, 580 kvadratmetr sahə yanğından mühafizə olunub. Kəngərli rayonunda isə 2040 kiloqram ot bağlaması və tayanın üzərinə qurulan 42 kvadratmetr sahəsi olan çardağın yanar konstruksiyaları yanıb, 510 kiloqram ot bağlaması isə yanğından mühafizə olunub.